Bu gün:

“2015-ci ildə ayda 500 min manat zərərlə işləyirdik, ciddi səhvlərə yol verirdik” - “Veysəloğlu”nun rəhbəri

“2015-ci ildə ayda 500 min manat zərərlə işləyirdik, ciddi səhvlərə yol verirdik”

Azərbaycanda əksər iri biznes qrupların yaşı 25-i keçməsə də, onların kifayət  qədər  maraqlı tarixi var. Hazırda bazarda böyük paya sahib olan bir sıra şirkətlər vaxtilə kiçik biznes kimi fəaliyyətə başlayıblar. Onlardan biri də hazırda Azərbaycanın ən böyük qida müəssisələrindən  təşkilatlarından  Veysəloğlu Şirkətlər Qrupudur. Fəaliyyətinə 1994-cü ildən başlamış “ VEYSƏLOĞLU şirkətinin əsası Aydın və İlqar Talıbov qardaşları tərəfindən qoyulub.

Hazırda Qrupa “Veysəloğlu Distribusiya”, “V-Trade” topdansatış, “Vesta-Horeca”, “ARAZ” supermarketlər şəbəkəsivə “OBA” marketlər şəbəkəsi, “ULDUZ” şokolad fabriki, “AVT Logistika”, “XONÇA” şirniyyat evi, “ENTRÉE Azərbaycan” kafeləri və Gürcüstanda fəaliyyət göstərən “VG” distribusiya şirkəti daxildir.

Mubahise.az xəbər verir ki, bir neçə gün əvvəl ölkədə ilk dəfə olaraq “Veysəloğlu Pərakəndə İnkeksi”ni  açıqlayan şirkətin Müşahidə Şurasının sədri Aydın Talıbov Fed.az-a biznesinin yaranması tarixini bölüşüb. 

- Mən İnşaat Mühəndisləri Universitetini bitirmişəm. Əslində marağım riyaziyyat-fizika sahəsinə idi və universitetin tətbiqi riyaziyyatı fakültəsində oxumaq  gistəyirdim, amma getmədim, çünki ailəmin maddi vəziyyəti elə idi ki, hökmən inşaatı bitirməli, gəlib «prorab» olmalıydım ki, pul qazanıb ailəmi dolandırım.

Ali məktəbdə bizə inşaatla yanaşı, kapitalizmi də çox yaxşı öyrətdilər. Bizə Marksın nəzəriyyələrini izah edirdilər, onları mən çox sevərdim və kapitalizmin nə olduğunu da yaxşı öyrəndim. Doğrudur, sovet dövründə kapitalizmi pisləyirdilər, amma onun nə olduğunu doğru formada  öyrədirdilər.

1990-cı illərin əvvəllərində SSRİ dağıldı. Mən  həmin  vaxt artıq 2-3 il idi ki dövlət işində, tikinti sahəsində işləyirdim, maddi vəziyyətimiz çətin idi, ayda 250 manat maaş alırdım, bu, bizi görmürdü, hər ay atamdan 50 manat da alıb kirayə haqqını verirdim. Atam da bu 50 manatı verəndə ara-sıra mənə eşitdirirdi ki, institutu bitirdin, amma hələ pul qazanmağı öyrənməmisən. Təsəvvür edin , universiteti bitirmisən, əlaçı olmusan, indi dolana bilmirsən.

- Necə oldu ki, biznesə başladınız?

- Sonradan İran yolu, bir müddət sonra isə Türkiyə ilə sərhəd açıldı, həmin vaxt artıq ermənilər Meğri yolunu bağlamışdılar və işlər, inşaat dayanmışdı. 

Qərara aldım ki,  ticarətə başlayım. Atam əvvəlcə icazə vermədi, dedi ki, sən institutda oxumusan, alverçi olmamalısan, dövlət işində çalışmalısan. . Evdə mübahisələr başlandı (gülür). Atama dedim ki, qəbul etməliyik ki, sosializm artıq yoxdur, biz artıq kapitalizmdə yaşayırıq, mən kapitalizmi oxumuşam, burada (yəni kapitalizmdə) dayanmaq olmaz.

Ona görə də mənim qarşımı kəsmə, bu işlə məşğul olacam. Atam hətta məndən incidi, bir müddət danışdırmadı, amma mən iş yerimi tərk edib  kapitalizm dövrünün qaydalarına keçdim, biznesə başladım.

- Yəni xaricdən mal idxal edib satılması biznesi ilə?

- Bəli, şirkətin fəaliyyətinin ilk illərində qida məhsulları fərdi yolla, əl yükləri vasitəsilə Türkiyədən Azərbaycana gətirilərək satılırdı. Biz xariclə kiçik ticarətlə məşğul idik. Həmin dövrdə manat durmadan dəyərdən düşürdü, məzənnəsi hər dəqiqə aşağı enirdi , güclü inflayasiya vardı, amma mən bunu hesablaya bilirdim. Yəni, universitetdə aldığım biliklər işimə yarayırdı. İllər keçdikcə bu ticarət böyüdü, yüklərin “TIR” “TIR”larla daşınmasına başlandı.

1994-ci ildə ilk dəfə Türkiyədən “-TIR” la  mal gətirdik. 8 min dollar pulumuz vardı və qərar verdim ki, artıq “TIR”la  mal gətirməyin vaxtı çatıb. O avtomobil Türkiyədən və İrandan Bakıya 10 günə gəldi və bu müddətdə biz Allah bilir nə çəkdik. Çox narahat idik ki, bir hadisə olar, maşın gəlib çatmaz və zəhmətimiz batar

Amma şükür ki, hər şey qaydasında oldu və biz 1994-cü ili   VEYSƏLOĞLU şirkətinin yaranması kimi qeyd edirik. Ondan sonra bu proses davam etdi, idxalı genişləndirdik, sonra anbarlar icarəyə götürüldü, satış-dağıtım sistemi quruldu, distribusiya fəaliyyəti yaradıldı .

- Şirkətin adı necə yarandı?

-   VEYSƏLOĞLU mənim atamın adıdır.  – mən Veysəlin oğluyam. Biz şirkəti qardaşımla birlikdə qurmuşuq. Ona qədər bir şirkətimiz vardı – “Aydın kiçik müəssisəsi”. Amma onu quranda dedim ki, bu doğru paylanmalıdır, ikimiz də Veysəloğluyuq, belə daha ədalətli olar. Beləcə şirkətin adı  VEYSƏLOĞLU oldu, belə  də davam etdi.

- “VEYSƏLOĞLU məhsul istehsalına nə vaxt başladı?

- 2000-ci ildən sonra isə Türkiyə deyil, başqa ölkələrdən də idxal etməyə başladıq. Bir müddət sonra isə artıq idxal olunan bir sıra malların ölkə daxilində istehsalı ideyası gündəmə gəldi. 2001-ci ildə ilk yerli istehsal müəssisəmizi – “Uduz” »u şokolad fabrikini yaratdıq.

İstehsala başlamağımızda əsas məqsəd cəmiyyətə, ölkəmizə faydalı olmaq istəyi idi. Əslində, işimiz o vaxt necə idisə, indi də elədir. Ticarətlə  məşğuluq.  Bu prosesə maliyyə cəhətdən baxanda çox sıxıcı işdir. Bizim üçün əsas məsələ - yaşadığımız ölkənin xalqınının həyatını necə asanlaşdırmaq olar, ona necə xidmət edə bilərik. İdxal fəaliyyətimiz yenə də davam edir, amma artıq  istehsalçımız da da var. «Ulduz» şokolad fabriki, «Sirab» və  digər bizneslərimiz.

- Necə oldu ki, «Araz» supermarketləri şəbəkəsi yarandı?

- Əslində, Azərbaycanda ilk supermarket zəncirini 1990-cı illərdə mərkəzi Maştağada yerləşən «Xəyal» şirkəti yaratmışdı, 30-dan artıq marketi vardı. Biz hələ o vaxt   VEYSƏLOĞLU olaraq onlara mal tədarük edirdik. «Xəyal» bu işə başa çatdıra bilmədi, bundan sonra bazarda «Almalı» marketlər şəbəkəsi yarandı. «Almalı»nın 40-a yaxın marketi vardı və biz  VEYSƏLOĞLU olaraq onlara da mal tədarük edirdik. Onlar da müflis oldular. Paralel olaraq biz də bu prosesləri izləyirdik. Mən xüsusilə «Almalı»nın iflasını yaxşı araşdırmağa çalışırdım, istəyirdim biləm, onların problemi nədə oldu, nəyi səhv etdilər.

«Almalı» da bazardan çıxandan sonra biz fikirləşdik ki, bəlkə bu sahəyə biz də daxil olaq. Xatırlayıram, Türkiyədən bir qonağım gəlmişdi, uşaq bezinin istehsalçısı idi,  söhbətimiz zamanı qeyd etdi ki,   «Aydın bəy, gözəl iş qurmusunuz, inkişafınız var, bazara hakimsiniz. Amma sizə  yaraşmaz ki, 3 il sonra gedib marketin qarşısında növbə gözləyəsiniz. O mənada ki, idxal etdiyiniz malları son istehlakçıya çatdırmaq üçün hökmən marketlərə ehtiyacınız yaranacaq, amma siz pərakəndə bazarına daxil olmasaz, əvvəl -axır növbədə dayanmalı olacaqsınız». Bu söz məni tutdu. «Almalı» və «Xəyal»ın da təcrübələrini bir daha yada salıb qərara gəldik ki, biz də bir market açaq.

- İlk marketi harada yaratdınız?

- İlk marketimiz  8-ci kilometr qəsəbəsində  fəaliyyətə başladı. , Bazarın arxasında bir mağazanı kirayəyə götürdük, onu «Bol market» adlandırdıq. Amma 5-6 aydan sonra 300 min manat zərərlə o mağazanı bağladıq və mən qərar verdim ki, bir də bu sahəyə  investisiya etməyəcəyik. .

Amma bir il sonra yenidən bu bazara daxil olmağı qərara aldıq. Bizim 80 yaşlı kanadalı Mark adlı təlimçimiz vardı. O, bizi Rusiyadan olan Yevgeniy adlı   iş adamı ilə tanış etdi, onlarla danışdıq ki, Azərbaycanda ortaq market şəbəkəsi açaq. Gedib Gürcüstan təcrübəsini, buradakı marketlər şəbəkəsini öyrəndik, amma elə hazırlıq mərhələsində Yevgeni müflis oldu, mənə zəng etdi ki, mən bu işə görə bilməyəcəm, zərərdəyəm.

Bundan sonra  Türkiyədə bu işin mütəxəssislərindən biri olan şəxsə müraciət etdim, və onun da 15%-lə ortaq olması şərti ilə market şəbəkəsi yaratmağı qərara aldıq, beləliklə,  2011-ci ildə «Araz»  supermarkatlər marketlər şəbəkəsi  fəaliyyətə başladı.

Yeri gəlmişkən, «Araz»a ad fikirləşmək üçün bir neçə ayımızı sərf elədik. Türkiyədən bir dostum mənə dedi ki, Azərbaycanda çoxsaylı toponimlər, ərazi adları var, onlardan istifadə edə bilərsən. Başa düşdüm ki, bu milli ad olmalıdır. Komandamızla müzakirəmizdən sonra sona  «Aran» və «Araz» adları qaldı. Uzun müzakirədən sonra «Araz» adını seçdik.

- Əvvəlki market şəbəkələrinin zərərlə işləyib müflis olmasından sonra «Araz»da işlər necə getdi?

- Elə ilk aydan zərərlər başladı, cəmi 3 market açılmışdı, ayda 50 min zərər edirdik. Market sayını 7-yə qaldırdıq, zərər də ayda 100 min manata yüksəldi. Mən də artıq ortağımdan öz payını yatırmağı tələb edirdim (gülür) ki, bu işin içindən çıxa bilək. Yeri gəlmişkən, onun da Türkiyədə 40 marketi vardı və elə həmin vaxtlarda xəbər gəldi ki, onun da şəbəkəsi müflis olub və beləliklə, o da bizdən ayrıldı. Həmin vaxt marketlərimizin sayı da, zərəri də artmışdı.

- Zərər hansı həddə idi?

- 2015-ci ilin avqust ayında  «Araz»  ayda 500 min manat zərərlə işləyirdi. Yəni, əvvəllər 100 min manat olan aylıq zərər indi artıq 500 min manat olmuşdu. 500 min manatlıq zərər göstəricisi məni şoka  saldı. Biz müflisləşməyə imza atmalı idik. Çünki ortada rəqabət vardı və biz bəzi məsələlərdə ciddi səhvlərə yol verirdik.  18 marketimiz qalmışdı, 

- Bəs vəziyyətdən necə çıxdınız?

- Vəziyyətdən çıxmaq üçün bazarı yaxşı araşdırmağa  başladıq.Bunun üçün ciddi resurslar, kadrlar ayırdıq. İndiyə qədər olan səhvlərimizi detallı analiz etdik.  Edilən  səhvləri düzəltdik və artıq 6 aydan sonra zərəri sıfıra endirdik, daha sonra isə fəaliyyətimiz müsbət  istiqamətdə dəyişməyə başladı.  . Yəni,  biz real  rəqabətin içərisindəyik. Kapitalizmdə başqa yol yoxdur - amansız rəqabət var, kimlərsə iflas etməli və bazardan çıxmalıdır. Bu rəqabətdən qazanan yeganə tərəf xalqdır. Rəqabət olmayanda isə xalq da uduzur, şirkət də.

- Bəs «Oba» marketlər şəbəkəsi necə oldu ki, yarandı?

- Bizim «Oba», yəni diskaunt, endirimli satış layihəmiz əvvəlcədən vardı. Əslində, «Araz»dan əvvəl biz diskaunt şəbəkəsini qurmaq istəyirdik. Müxtəlif ölkələrdə belə şirkətlərin necə işlədiyini də araşdırmışdıq. Amma o vaxt bu prosesi axıradək başa düşə bilməmişdik, ona görə də ilk olaraq supermarketlər layihəsindən - «Araz»dan başladıq.

«Oba»ya ad seçərkən belə bir şərt qoyduq ki, ad milli, eyni zamanda qısa olmalıdır. Yenə də Azərbaycanın toponimləri və qədim adlardan biri ilə bağlamalıydıq. Çox təkliflərdən  sonra «Oba»nın üzərində dayandıq. «Oba»da işlər əvvəl yaxşı başladı, amma 5 yaşına çatanda onda da problemlər yarandı. Bütün komanda toplanıb onu qurtardıq, necə ki, «Araz»ı 5 yaşında xilas eləmişdik. Ümumiyətlə,  xaricdə belə bir deyim var ki, 10 ili başa vuran biznes ömürlük yaşayacaq.

- Aydın müədllim, necə olur ki, «Oba» marketlərində qiymətlər bu qədər ucuzdur? Bəziləri bu ucuzluğa görə buradakı malların keyfiyyətinin aşağı olmasından şübhələnir...

- Baxın, biz bəzən müştərilərdən inciyirik, ucuz mal verdiyimizə görə bizi pisləyirlər, bildirirlər ki, bəlkə mal keyfiyyətsizdir, ona görə ucuzdur? Bəlkə də bizim mentalitetdə düzəlməli olan bir nöqtə var - hər şeyə şübhə ilə yanaşırıq. «Oba»da malları ucuz satmağımıza gəlincə, biz bu işi qurmuşuq, bütün məsələləri nəzərə almışıq, burada maliyyəyə təsir edən çoxsaylı amillər var. Bunların hamısının öhdəsindən gəlmək üçün nələrdən keçirik...

«Oba» ona görə ucuzdur ki, öz satdığı məhsulların 30%-ni özü idxal edir. Bazarda o mallar ancaq «Oba»da var. Nəticədə VEYSƏLOĞLU  kimi şirkətlərin öz məhsullarının üzərinə qoyduğu marjanı silir və bəzi mal çeşidlərində 18-20% ucuzlaşmanı yarada bilir.

- Bəziləri bildirir ki, «Oba» onu görə ucuzdur ki, «Veysəloğlu» öz gətirdiyi məhsulları «Oba»ya daha aşağı qiymətlə satır və o biri marketləri çökdürməyə çalışır. Buna nə deyə bilərsiniz?

- Bu da qətiyyən həqiqətə uyğun deyil, baxın, «Veysəloğlu» distribusiya şirkəti idxalçıdır, «Oba» satıcı. Mən onların hər ikisində payçıyam, amma bizim «Veysəloğlu»nda elə payçılarımız var ki, onlar «Oba»da payçı deyillər. Mənim haqqım çatmır ki, «Veysəloğlu»nun malını «Oba»ya ucuz satım. Bizim strukturumuz, ortaqlıq sistemimiz buna imkan vermir. «Veysəloğlu»nun C baş icracı direktoru (CEO) bütün marketlərə, o cümlədən «Oba»ya da məhsulu karlı qiymətə satmaq istəyir.

Ümumiyətlə, biz pərakəndə ticarətə daxil olanda çox narahat idik ki, «Veysəloğlu»nun  müştəriləribizdən inciyəcək ki, bu sahəyə daxil olaraq onlara rəqib yaratdıq. Ona görə də qiymət məsələsinə son dərəcə həssəs yanaşırıq və məhz bu səbəbdən «Veysəloğlu» demək olar ki, müştəri itirmədi. Biz hətta digər müştərilərə «Oba» ,«Araz» ın marketin qiymətlərini fakturalarla təqdim edə bilərik.

Bir vacib məqam da var - «Araz»da və «Oba»da «Veysəloğlu» şirkətinin idxal etdiyi məhsulların payı ümumi məhsulların 10%-nə çatmır. 90% başqa şirkətlərin məhsullarıdır.

- «Oba» da satılan malları «Araz» marketlərdə də sata bilərsiniz. Belə olan halda yeni bir şəbəkəyə nə ehtiyac vardı?

- Ümumiyyətlə, «Araz»la «Oba»nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır, elə dünən«Oba»nın 320 min müştərisi olub. Bu o deməkdir ki, 320 min nəfər onu seçib. Bizə çoxsaylı müraciətlər daxil olur ki, niyə bizim yanımızda «Oba» açılmır. Hətta Naxçıvandan belə tələbat gəlir, biz bununla əhaliyə seçim veririk. Bu marketlər şəbəkəsinin yaşayıb-yaşamamasına  əhali qərar verir. Bizim işimiz tələbatı doğru dəyərləndirib ona uyğun təklif verməkdir.

Ümumiyyətlə isə supermarketlər şəbəkəsinin əhəmiyyəti ondan ibarətdir ki, əgər şəbəkələr olmasa (on il əvvəl olduğu kimi), adi marketlər gedib, məsələn, Gədəbəydə yerli istehsalçıdan kartofu alıb gətirə bilməzlər. Onların buna sadəcə gücü satmayacaq. Nəticədə yerli istehsalçılar ancaq bazarların ümidinə qalacaqlar və onların məhsulları bazarlarda çürüyəcəklər. Bizim «Araz» və «Oba» üçün yaratdığımız satış komandası isə indi rayonlarda yerli məhsulları yığmaq üçün istehsalçılarla görüşürlər.

Digər tərəfdən, son vaxtlaradək Azərbaycanın bəzi şirniyyat istehsalçıları bizneslərin bağlayıb satırdılar. Çünki mallarını paylaya bilmirdilər, paylayanda da pulunu yığa bilmirdilər. Tək-tək mağazalarla bunu eləmək asan deyil. «Oba»  fəaliyyətə başlayandan sonra isə  bizneslərini böyütməyə başladılar. Çünki onlar mallarını «Oba»ya təhvil verirdilər, bir yerdən də pullarını alırdılar. Qalan işi «Oba» görür. İstehsalçı isə yalnız öz işi ilə – istehsal ilə  məşğul olur. Beləliklə, şəbəkə marketləri istehsalçılarla, kəndlilərlə və sənaye ilə əhali arasında önəmli bir zəncirə çevrilib. Bu da onların inkişafına bir təkandır.

- Hazırda Veysəloğlu Şirkətlər Qrupunun  nə qədər əməkdaşı var? 

- Dediyim kimi, 2015-ci ildə şirkətimizdə 4600 nəfər çalışırdı, indi 17 min nəfərdir. Biz ildə 2-3 min iş yeri yaradırıq. Hər il ciddi kapital qoyuluşu edirik. Onun mənbəyi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və yerli banklardır. Bu məbləğlər 100 milyonlar ətrafındadır. Yeri gəlmişkən, biz AYİB-lə yanaşı, yerli banklar, o cümlədən Türkiyə bankları ilə də işləyirik, onlar AYİB-lə kredit şərtlərində ciddi rəqabətdədirlər və kredit portfelimizdə yerli banklar Avropa bankından daha artıqdır.

- Belə geniş şəbəkənizə və işçi sayına baxmayaraq son illərə qədər sizin şirkət barədə məlumat demək olar ki, yox idi...

- Açıq deyim, 2015-ci ilədək biz mediaya bağlı idik. Bizdən yazmayın, bizi soruşmayın, bizimlə işiniz olmasın - qapalı bir şirkət idik. Düşünürəm ki, o strategiya kifayət qədər  yaxşı idi və onun sayəsində biz bu günə gəlib çıxmışıq.

Təsəvvür edin, 4-5 il əvvəl iqtisadiyyat nazirliyi ilə bir problemimiz barədə danışırdıq, onu həll etmək istəyirdik, məndən əməkdaşlarımızın sayını soruşdular. Bildirdim ki, rəsmi olaraq 4600 nəfərdir, inanmadılar. Soruşdular onda niyə indiyədək sizi tanımamışıq, dedim bəlkə də biz özümüz istəməmişik, ona görə.

2015-ci ildən sonra isə qərar verdik ki, qapalılıqdan çıxmalıyıq. Çünki istəyirik bizim haqqımızda yanlış yox, doğru məlumatlar verilsin. 

A- A A+