Bu gün:

Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu bp-dən SOCAR-a ötürülüb - Hansı dəyişiklik olacaq?

Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu bp-dən SOCAR-a ötürülüb

Bu gün Azərbaycanın enerji sektorunda mühüm bir hadisə baş verib.

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun “BP Exploration (Shah Deniz) Limited” şirkətindən “SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi prosesi başa çatıb.

Məchul Məmməd “Ac həriflər” teletamaşasındakı intilligent kimi deyə bilər ki, “hə, nə olsun?”

Əvvəla, o olub ki, bundan sonra hələ onilliklər istismarda olacaq qaz nəqletmə strukturumuzda strateji əhəmiyyətə malik bir layihədə operatorluğa yiyələndik. Operator nədir? Müxtəlif oyunçulardan (səhmdarlardan) ibarət komandanın (şirkət də ola bilər, konsorsium da) kapitanı!

Şahdəniz layihəsində SOCAR 2015-ci ildən qazın kommersiya operatoru rolunda çıxış edir. Yəni qazın alqı-satqı məsələlərinin istər Azərbaycanın maraqları, istərsə də “Şahdəniz” konsorsiumu iştirakçıları maraqları çərçivəsində optimal qazancla daha uzun müddətə satılması kimi vəzifəni həyata keçirir.

Bu gündən etibarən isə Şahdənizdən çıxarılan qazın həm də Səngəçal terminalından Gürcüstan-Türkiyə sərhədinədək nəql edilməsi məsələlərinə rəhbərlik edəcək. Yəni SOCAR-ın vəzifəsi CQBK-nin təhlükəsiz, ətraf mühitə xələl gətirmədən stabil istismarına cavabdehlikdir.

CQBK bitir və Gürcüstan-Türkiyə sərhədində TANAP başlayır. Orada da SOCAR operatordur. Düz Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan magistral qaz kəmərinin !

Yəni, Məmməd bilməlidir ki, “neftimizi, qazımızı xaricilər çıxartdı, bəs axırı?” sualının cavabının bir hissəsi də elə budur - bir var onun bunun əlinin altında işləyəsən, bir də var, o bu sənin rəhbərliyin altında bir iş YAPA!

Mənim arzum isə budur ki, SOCAR haçansa, hansısa hökumətin (lap elə Azərbaycanın da ola bilər) məhsuldar bir yatağın (fərqi yoxdur quruda ya dənizdə, neft və ya qaz) işlənməsi ilə bağlı keçirdiyi beynəlxalq, açıq tenderin qalibi ola və hasilatçı-OPERATOR kimi adını tarixə yaza.

A- A A+