Bu gün:

Döyüşə gedən könüllü işsizdirsə, hansısa güzəşt edilir? - Cavab

Döyüşə gedən könüllü işsizdirsə, hansısa güzəşt edilir?

Bu günlərdə, İkinci Qarabağ Müharibəsi zamanı könüllü olaraq döyüşə gedən şəxslərə Azərbaycan qanunvericiliyi hansısa güzəşt və ya təminat verirmi?

Əmək və Sosial Təminat hüququ üzrə ekspert Mais Əliyev Mubahise.az-a açıqlamasında bildirib ki, həmin şəxslərə heç bir güzəşt edilmir: “Könüllülərin sosial təminatı ilə bağlı qanunvericilikdə heç bir hal nəzərdə tutulmayıb. Yalnız hərbi vəziyyət dövründə xidmətə çağırılan şəxslərlə bağlı Əmək Məcəlləsinin 179-cu maddəsi var. Onların orta aylıq əmək haqqısı və vəzifəsi saxlanılır. Azərbaycan qanunvericiliyi qalan heç bir təminat vermir. Əgər iş yerləri yoxdursa və döyüşə gediblərsə, gələcəkdə müharibə veteran adı alarsa yaxud əlil olarsa, şəhid olarsa, ondan irəli gələn təminatlar ola bilər”.

Əmək Məcəlləsinin 179-cü maddəsinin g bəndinə əsasən, işçilər hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda iş yeri və orta əmək haqqısı saxlanılmalıdır. Qeyd edək ki, Əmək Məcəlləsinin 179-cü maddəsinə hesablanan orta əmək haqqı aşağıdakı qaydada hesablanır:

İşçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir (Maddə 177.)

Misal. Dövlət qurumu tərəfindən “A” MMC-nin işçisi 2020-cu ilin sentyabr ayında 7 günlük hərbii təlimə cağrılıb.  Həmin günləridə 5 iş günü mövcüddur. Tarif (vəzifə) maaşı 800 manat məbləğində olan işçinin iyul və avqust ayları üzrə mükafat və bonuslar nəzərə alınmaqla əmək haqqı gəlirləri müvafiq olaraq 1000 və 1200  manat təşkil edib. Sentyabr ayı üzrə hərbi təlim günləri nəzərə alınmaqla işçinin əmək haqqını hesablayaq.

  • İyul ayı üzrə iş günlərin sayı və əmək haqqı  gəlirləri- 22 gün və 1000 manat
  • Avqust ayı üzrə iş günlərinin sayı və əmək haqqı  gəlirləri – 20 gün və 1200 manat
  • Sentyabr ayı üzrə iş günlərinin sayı və vəzifə(tarif) maaşı – 22 gün və 800 manat
  • Sentyabr ayında işçinin hərbi təlimdə olduğu iş günlərinin sayı - 5 gün

Hərbi təlim zamanı orta əmək haqqının saxlanması şərti ilə əmək haqqının hesablanması qaydası aşağıdakı kimi olacaq:

1 günlük orta əmək haqqının hesablanması - (1 000 manat (iyul ayı üzrə əmək haqqı) + 1 200 manat (avqust ayı üzrə əmək haqqı))/(22 gün (iyul ayı üzrə iş günlərin sayı) +20 gün (avqust ayı üzrə iş günlərin sayı))= 52,38 manat

Hərbi təlimdə olan 5 iş günü üzrə əmək haqqı – (52.38 manat (1 günlük orta əmək haqqı) x 5 gün (hərbi təlimdə olan iş günlərin sayı) = 261,90 manat

Sentyabr ayı üzrə işçinin təlim səbəbindən işdə olmadığı günlərə görə əmək haqqı – (800 manat (sentyabr ayı üzrə əmək haqqı) / 22 gün (sentyabr ayı üzrə iş günlərin sayı) x 17 gün (hərbi təlim günləri istisna olmaqla, digər iş günləri) = 618,18 manat

Sentyabr ayı üzrə cəmi tarif (vəzifə) maaşı  – (261, 90 manat (hərbi təlim günləri üzrə əmək haqqı) + 618.18 manat (işlədiyi iş günləriə əmək haqqı) = 880,08 manat

Göründüyü kimi, bizim misalda işçiyə sentyabr ayında 800 manat əmək haqqı hesablanmalı olduğu halda, 5 iş günü hərbi təlimdə olması səbəbindən hesablanan əmək haqqı 880,08 manat təşkil etdi. 

Əmək Məcəlləsinin 177-ci maddəsi işəgötürənə hərbi təlimdə olan işçiyə əmək haqqı hesablanarkən orta əmək haqqının hesablanmasını tələb edir. Təcrübədə bəzi işgötürənlər tərəfindən işçiyə hərbi təlimdə olduğu iş günləri üzrə hesablanan əmək haqqını hesablandığı iş günlərindəki tariflərə bərabər tuturlar. Misalımıza uyğun olaraq, işəgötürən tərəfindən işçiyə hərbi təlimdə olduğu günlər nəzərə alınmaqla 800 manat əmək haqqı hesablanmasına da rast gəlinir.

İlkin İbrahimov

A- A A+