Bu gün:

“Hakim İlkin Əliyev qanunda olmayan, özünün uydurduğu qaydaya istinad edib” - Foto

“Hakim İlkin Əliyev qanunda olmayan, özünün uydurduğu qaydaya istinad edib”

Ötən il “Sobsan” boya fabrikində baş verən güclü yanğın zamanı zavodla yanaşı olan və nəticədə yanaraq məhv olan evin sahibi Məhyəddin Alməmmədovun şirkətə qarşı iddiasını məhkəmə geri qaytarıb.

Mubahise.az-a müraciət edən şikayətçi Məhyəddin Alməmmədov bildirib ki, 2020-ci il iyulun 4-də “Rəmzi-S” MMC-yə məxsus “SOBSAN” boya fabrikində baş vermiş yanğın nəticəsində ona 97 697 manat məbləğində zərər dəyib: “Lakin bu günə kimi ödəniş edilməyib, yanğınla bağlı başlanan cinayət işinə isə xitam verilib”.

Zərərçəkmiş M.Alməmmədov Binəqədi rayon məhkəməsinə müraciət edərək “Sobsan”a qarşı zərərin ödənilməsi barədə iddia qaldırıb: “Lakin hakim İlkin Əliyev Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə istinad edərək qeyd edib ki, idda ərizəsi lazımi qaydada əsaslandırılmadığı üçün geri qaytarılır. Halbu ki Mülki Prosessual Məcəllənin 152-ci maddəsində iddia ərizəsinin əsaslandırılmamasına görə geri qaytarılması haqda göstəriş, tələb yoxdur.

Hakim İlkin Əliyev qanunda olmayan və özünün uydurduğu qaydaya istinad edib. Bu əsassız qərarla da mənim məhkəmə müdafiəsi hüququmu pozub”.

M.Alməmmədov hakimin qərarından şikayət verdiyini bildirib.

A- A A+