Bu gün:

Hansı xəstələrə dərmanlar pulsuz verilir ? Rəsmi açıqlama

Hansı xəstələrə dərmanlar pulsuz verilir ?

Son vaxtlar vətəndaşlar İcbari Tibbi Sığorta hesabına müalicə alarkən onların dərman vasitələri ilə təmin edilib-edilməməsi barədə redaksiyamıza suallar gəlməkdədir.

Mubahise.az bununla bağlı Agentliyə suallar ünvanlayıb.  

- Ölkəmizdə hansı xəstəliklərlə bağlı vətəndaşlar İcbari Tibbi Sığorta hesabına dərmanlarla təmin edilir?

- İcbari tibbi sığortanın Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və sair kimi 950 sayda cərrahi əməliyyat daxildir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

- Stasionar müalicələrdən hansıları misal göstərmək olar?

- Stasionar tibbi xidmət terapevtik və cərrahi növlərdən ibarətdir. Stasionar tibbi xidmət tibbi müşahidə və müalicə tələb olunan hallarda tibb müəssisəsində ixtisaslı həkim tərəfindən göstərilir. Stasionar tibbi xidmətə ixtisaslı həkimin müayinəsi, stasionar müalicə önü tələb olunan müayinələr, instrumental və laborator müayinələrin aparılması, cərrahi əməliyyat, stasionar və ya reanimasiyada yatış və s. aiddir. Qeyd edək ki, yatış  və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru, stent, endoprotez və digər xüsusi tibbi sərflər də Xidmətlər Zərfi ilə təminata alınıb.

Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçirilir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər var. Həmin xidmətlər 3500-dən artıq diaqnozu əhatə edir. Bunlara miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin və s. müalicəsi daxildir. 

Xidmətlər Zərfi ilə 950 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. bir sıra digər əməliyyatlar daxildir.

A- A A+