Bu gün:

Kamran Babayev: Sığorta bazarında risk menecment aktual deyil - MÜSAHİBƏ

Kamran Babayev: Sığorta bazarında risk menecment aktual deyil

Mubahise.az xəbər verir ki, tanınmış sığorta eksperti Kamran Babayev Fins.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Kamran müəllim, son illərdə dünyada baş verən gözlənilməz hadisələr bizim ölkəmizdən də yan keçmir. Bildiyiniz kimi, 2019-cu ilin sonlarında başlamış və hələ də davam edən pandemiya demək olar ki, bütün ölkələrin iqtisadiyyatında bir durğunluğa səbəb oldu, şirkətlərin gəlirləri azaldı, işsizlik artdı. Ölkədə 2015-ci ildə baş verən iki devalvasiya da şirkətlər üçün gözlənilməz oldu və sığorta bazarına da öz təsirini göstərdi. Belə hallar sığorta bazarına da ciddi təsir edir. Sizcə sığorta şirkətləri bunlara hazır idilərmi?

Qeyd etdiyiniz hadisələr onu göstərdi ki, sığorta bazarı üçün qeyd olunan hadisələr gözlənilməz oldu. Proqnoz vermək ki, belə bir pandemiya olacaq və bütün dünyanı əhatə edəcək, mümkün deyil. Sığorta şirkətləri pandemiya dövründə proseslərdə dəyişikliklər edərək, yaranmış vəziyyətə uyğunlaşdılar. Nəticədə daha çox online xidmətlərin artmasını müşahidə etdik.

Amma qeyd edək ki, sığorta şirkətləri belə gözlənilməz hadisələrdən qorunmaq üçün əvvəlcədən tədbirlər görməlidirlər. Sizcə şirkətlər nə etməli idilər və etdilərmi?

Hər bir şirkət öz risklərini idarə etmək üçün sistem qurmalıdır. Əfsuslar olsun ki, çox şirkətdə risk menecment qurulmayıb, qurulduğu halda isə, effektiv çalışmır. Fikrimcə sığorta şirkətinə böyük zərər gətirə bilən gözlənilməz təhlükələr müəyyən olunmalıdır və onlar idarə olunmalıdır. Gözlənilən və ölçülə bilən hallar əslində şirkəti şok vəziyyətinə sala bilən təhlükələr deyil. Onlar məhsulun maya dəyərində nəzərə alınan ehtimal edilən xərclərdir. Məs., bir sığorta növü üzrə sığorta tarifləri müəyyən edildikdə, portfelin zərərliyinə baxılır və proqnoz verilir və ehtimal olunan zərərləri qarşılamaq üçün adekvat sığorta tarifi hesablanır. Digər hallar var ki, ölçülə bilinməyən, gözlənilməyən hallardır. Bunlar şirkətin fəaliyyətinə ciddi təsir edən hallar olduğu üçün, idarə olunmalıdırlar.

Risk menecment nə deməkdir, faydası nədir, niyə sizcə şirkətlərin risk menecmentə ehtiyacı var?

Qeyd etdiyim kimi, sığorta bazarında risk menecment hələ ki aktual deyil. Məsələn, bank sektorunda risk menecmentlə olan vəziyyət fərqlidir. Bəzi düşüncələr var ki, risk menecment kiçik şirkətlər üçün aktual deyil. Mən bununla razı deyiləm. Şirkətin həcmindən asılı olmayaraq, risk menecment həmişə vacib olmalıdır. Kiçik şirkətlərin qarşılaşdığı və idarə olunmayan risklər şirkəti hətta müflis də edə bilər. Sığorta fəaliyyətində risklər çoxdur. Sığorta şirkətləri üzərilərinə ciddi həcmli risklər götürürlər və onların düzgün bölüşdürülməməsi, düzgün idarə olunmaması, akumulyasiyanın nəzərə alınmaması və bu kimi digər hallar gələcəkdə şirkəti çox ciddi itkilərlə üzləşdirə bilər.

Dünya praktikasında risklərin idarə olunması üçün konseptual modellər mövcuddur. Ən çox istifadə olunan modellər var ki, bunlardan COSO ERM, FERMA, İSO 31000 modellərini qeyd etmək olar. Bunların fərqli modellər olmasına baxmayaraq, hər üç model riskləri təyin olunmuş məqsədlərlə/hədəflərlə əlaqələndirir. Modellərin detallarına girmək istəmirəm, çünki onların detallı izah olunması uzun vaxt alacaq. Sadəcə qeyd etmək istəyirəm ki, bu üç modeldən yalnız İSO 31000 beynəlxalq standart statusuna malikdir.

Ətraf mühit sürətlə dəyişir, hadisələr sürətlə cərəyan edir və bunun üçün şirkətlər daha çevik olmalıdırlar və fəaliyyətlərini risklər nəzərə alınmaqla aparmalıdırlar. Risk dedikdə, yalnız təhlükələr deyil, həm də imkanları görmək lazımdır. Artıq risk menecmentə də münasibət dəyişib. Risk menecment riskləri təhlil etməklə, risklərin reyestrini tərtib etməklə və hesabatlar verməklə kifayətlənməməlidir. Mənim fikrimcə risk menecment risklərin idarə edilməsi yox, daha geniş anlayışdır. Risk menecment risklər nəzərə alınmaqla şirkətin idarə edilməsidir. Risk menecment idarəetməyə inteqrasiya olunmalıdır, strateji qərarların verilməsində iştirak etməlidir, yəni, şirkətin idarə edilməsində iştirak etməlidir. Şirkətdə İdarə Heyəti və digər struktur bölmələri məlumatlı olmalıdırlar ki, hansı qərarların verilməsində risk menecment iştirak etməlidir, elə olmamalıdır ki, istədikləri vaxt müzakirəyə risk menecmenti dəvət etsinlər və ya etməsinlər. Əgər şirkətdə hansısa bir strateji və ya şirkətin fəaliyyətinə təsir edə biləcək qərar verilirsə və risk menecmentin bu haqda məlumatı yoxdursa, bu o deməkdir ki, şirkətdə risk menecment efektiv fəaliyyət göstərmir. Risk menecmentin fəaliyyəti şirkət üçün optimal gəlir və xərclərin müəyyən olunmasına təsir etməlidir. Qeyd etdiyim kimi, risk menecment riskləri müəyyən edərək, proseslərə kənardan müşahidə etməməlidir. Risk menecment proseslərdə iştirak etməlidir və fərqli variantları təqdim etməlidir. Məs., əgər şirkət büdcəsini tərtib edirsə, risk menecment riskləri nəzərə almaqla büdcənin fərqli variantlarını təqdim etməlidir, yalnız riskləri göstərməklə kifayətlənməməlidir. Risk menecment risklərin idarə edilməsi yox, risklər nəzərə alınmaqla şirkətin idarə edilməsi deməkdir.

  •  

A- A A+