Bu gün:

Keçmiş arvadını ölümlə hədələyən daha bir kişinin məhkəməsi keçirilir - Sumqayıt məhkəməsi qətlin qarşısını ala biləcəkmi?

Keçmiş arvadını ölümlə hədələyən daha bir kişinin məhkəməsi keçirilir

Sumqayıt şəhərində iki uşaq anası olan qadın keçmiş ərindən aliment tələb etdiyi üçün ölümlə təhdid olunur.

Mubahise.az-a müraciət edən T.Nəsirova bildirib ki, 2013-cü ildə ailə həyatı qurduğu Rasim Nəsirovdan boşanıb və birgə nikahdan bir oğlu və bir qızı var.

Məhkəmənin qərarı ilə uşaqlar ananın yanında qalıb, ataları Rasim Nəsirovun isə ayda 320 manat aliment ödəməsinə qərar verilib. Lakin R. Nəsirov məhkəmənin qərarını icra etməkdən boyun qaçıraraq alimenti ödəməyib. Bir neçə aydan bir R. Nəsirov 50-100 manat arası ödəniş edib. Bu müddət ərzində onun 3700 manat aliment borcu qalıb.

İki uşaq anası T. Nəsirova alimentin ödənilməsi üçün Ədliyyə Nazirliyinin icra qurumuna və məhkəməyə müraciət etdiyi üçün təzyiq və təhdidlərlə qarşılaşdığını bildirir.

Onun aliment tələbindən sonra keçmiş əri Rasim Nəsirov ondan aliment tələb edəcəyi təqdirdə öldürəcəyi ilə hədələyib.

Rasim Nəsirovun aliment ödəməkdən boyun qaçırdığı üçün icra məmuru onun inzibati qaydada həbs edilməsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinə təqdimat verib.

Rasim Nəsirovun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün bu gün saat 11-də Sumqayıt şəhər məhkəməsində məhkəmə prosesi keçiriləcək.

Rasim Nəsirov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) ittiham olunur.

Qeyd edək ki, son aylar Azərbaycan cəmiyyətində qadın qətlləri ilə həyəcan siqnalı çalınır. Kişilərin arvadını, keçmiş arvadını və ya sevgilisini əksər mübahisə və münaqişələrin gedişatında öldürməsi artıq adi hala çevrilir. Mart ayında əri tərəfindən işgəncə görən və öldürəcəyi ilə hədələnən Sevinc Məhərrəmovanı ötən gün əri Füzuli Qarayev qətlə yetirdi. Bu hadisə artıq öldə ictimaiyyətində ciddi müzakirələrə və narahatlığa səbəb olub. Vətəndaşlar, ictimai fəallar qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarının və məhkəmələrin daha qətiyyətli addımlar atmalı olduğunu tələb edirlər.

A- A A+