Bu gün:

"Mediasiya haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarıldı

Azərbaycanda "Mediasiya haqqında" qanun iyulun 1-dən qüvvəyə minir.

Mubahise.az- ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Mediasiya haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, mediasiya təşkilatlarının hüquqi statusu dəyişdirilir. Qanunda "hüquqi şəxsdir" sözləri "qeyri-kommersiya hüquqi şəxsidir" sözləri ilə əvəz edilir. Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.

Müzakirələr zamanı parlamentin vitse-spikeri Əli Hüseynli bildirib ki, Azərbaycanda "Mediasiya haqqında" qanunun tətbiqi üçün müvafiq işlər görülüb. O qeyd edib ki, 300-ə qədər mediator təlimlərdən keçib və bu sahədə fəaliyyət göstərməyə hazırdır.

Qeyd edək ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın fəaliyyət sahəsinə daxil ediləcək.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

A- A A+