Bu gün:

Mediasiya necə yaranıb? - Nə üçün bu qədər geniş yayılıb?

Mediasiya necə yaranıb?

Mediasiya necə və nə üçün yaranıb?

Mubahise.az xəbər verir ki, "Mübahisələrin alternativ həlli" anlayışı da XX əsrin 60-cı illərində ABŞ-da meydana gəlmişdir. Bu dövrdə ABŞ-ın məhkəmə sistemi böhran keçirirdi. Bununla əlaqədar olaraq bir sıra hüquqi şirkət və firmalar mübahisələrin həlli ilə bağlı müxtəlif üsullardan, o cümlədən  mediasiya, arbitraj, müstəqil ekspert nəticələri, mini-məhkəmələrdən geniş istifadə etməyə başladılar. Məhz bu dövrdə qeyd edilən üsulların peşəkar əsasları formalaşmağa başlamışdır.

1965-ci ildə qəbul edilmiş Vaşinqton konvensiyasında mübahisələrin üçüncü tərəfin iştirakı ilə tənzimlənməsi ilə bağlı ilk beynəlxalq hüquqi sənəd qəbul edilmişdi.

Konvensiyada üçüncü tərəfin iştirakı ilə bağlı iki proseduranın tətbiqi qeyd edilirdi. Birincisi, "conciliation" (barışıq) adlanırdı. Bu prosedurada barışdırıcı komissiya tərəflər arasındakı mübahisənin əsaslarını müəyyən etməyə və qarşılıqlı qəbul edilə bilən şərtlərlə razılığa nail olmağa çalışırdı. İkinci prosedura isə vasitəçilik - mediasiya idi. Bu halda vasitəçi qarşılıqlı görüşlərdə, yaxud mübahisə edən tərəflərlə ayrı-ayrılıqda görüşlər keçirməklə onlara bir-birinin mövqeyini başa düşməyə və qarşılıqlı əlverişli qərara gəlməyə kömək edirdi, lakin onlara hazır təkliflərlə müraciət edə bilməzdi.

70-ci illərin ortalarında mediasiya müstəqil sahəyə çevrildi, 80-ci illərdə onun nəzəri əsasları formalaşdı. 1981-ci ildə Harvard hüquq məktəbinin professorları Rocer Fişer və Uilyam Uri özlərinin "Hə - yə nail olmaq" («Getting to Yes») adlı tədqiqatlarını nəşr etdirdilər. Onların konsepsiyası çox zaman "birgə fəaliyyət" kimi izah edilir, mövqelərin və maraqların məhdudlaşdırılmasına əsaslanır və mediator danışıqları elə qurur ki, ön plana tərəflərin maraqları çıxır, yəni mediasiya prosesində qəbul edilmiş qərar hər iki tərəf üçün səmərəli olur, nə udan, nə də uduzan olmur, burada «win-win» kombinasiyası istifadə edilir.

1982-ci ildə ABŞ-da 300-dən çox təşkilat mediasiya ilə məşğul olurdu. 80-cı illərdən etibarən alman dilli ölkələrdə mediasiya fəal tətbiq və təbliğ edilirdi, mediasiyanın tədrisi ilə bağlı kurslar təşkil olunmuşdu. 1988-ci ildə Arnoldshayn akademiyasının "Ailə işləri üzrə kiçik məhkəməsi" mediasiya xidmətlərindən istifadə etməyə başladı. Bu dövrdə müxtəlif peşə qrupları mediasiya ilə bağlı mərkəzlər yaradırdılar. 1989-cu ildə mediasiya ilə bağlı seminarlarda 500-dən artıq insan iştirak etmişdi. 1991-ci ilin mayında Gənclər və ailələr üzrə Alman Cəmiyyəti mediasiya ilə əlaqədar birinci konqress çağırmışdı.

1992-ci ildə "Ailə dinamikası" beynəlxalq jurnalının nömrələrindən biri mediasiyaya həsr olunmuşdu. Bu mediasiya metodunun bütün dünyada yayılmasına səbəb oldu. 1992-ci ildə Avstriyada Roland Proksch və Stanley Cohen mediasiya ilə bağlı seminar keçirmişdilər.

1997-ci ildə Klagenfurtda mediasiya üzrə birinci Avstriya konqresi keçirildi. 1999-cu ildə isə Venada mediasiya ilə bağlı birinci beynəlxalq konfrans təşkil olunmuşdu. Hər iki forum mediatorların təşkilatlanmasına, yeni peşənin yayılmasına və inkişafına şərait yaratdı.

Müasir dövrdə mediasiya Yeni Zenlandiya, Kanada, Avstraliya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Belçika kimi ölkələrdə mediasiya xidmətləri geniş istifadə edilir.

A- A A+