Bu gün:

Mediatorlar üçün icbari tibbi sığorta haqları müəyyən edilib - Məbləğ

Mediatorlar üçün icbari tibbi sığorta haqları müəyyən edilib

“Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına edilən dəyişikliyə əsasən, mediatorlar tərəfindən də sığorta haqlarının ödənilməsi nəzərdə tutulur.

Mubahise.az Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Nigar Vahabzadə deyib.

Onun sözlərinə görə, “Sosial sığorta haqqında” qanununa əsasən, sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10%-i miqdarında məcburi dövlət sosial sığorta haqqına cəlb olunurlar, “Tibbi sığorta haqqında” qanununa əsasən isə vergi uçotuna alınmış mediatorlar sığortalı qismində özləri çıxış edirlər.

“Sözügedən qanuna uyğun olaraq mediatorlar üçün minimum aylıq əməkhaqqının 4%-i məbləğində icbari tibbi sığorta haqları müəyyən edilib”.

Qeyd edək ki, mediatorlar tərəfindən sosial sığorta haqlarının ödənilməsi barədə 29 mart 2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Mediasiyanın məqsədi tərəflər arasındakı münaqişənin azaldılması və mübahisənin onları razı salacaq şəkildə həll olunmasıdır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir.

Mediasiya Şurasının üzvlüyünə qəbul edilmək üçün mediasiya təşkilatına olan tələblərdən biri də ən azı iki mediatorla əmək müqaviləsinin olmasıdır. Mediasiya təşkilatı – mediasiyanın inkişaf etdirilməsi, təkmilləşdirilməsi məqsədilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların effektiv fəaliyyətinə yönələn tədbirləri həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. (banker)

A- A A+