Bu gün:

Məhkəmə baxışını 3 dəfədən artıq təxirə salmaq qəti qadağan edilir - DƏYİŞİKLİK

Məhkəmə baxışını 3 dəfədən artıq təxirə salmaq qəti qadağan edilir

Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan 188.3 maddəsində göstərilir ki, hakim işə baxılmasını qabaqcadan nəzərdə tutula bilməyən və ya müstəsna hallarda təxirə sala bilər. İşə baxılması 3 dəfədən çox olmayaraq təxirə salına bilər. Bundan sonra məhkəmə baxışı növbəti dəfə təxirə salındıqda, hakim bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Ancaq oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklikdə istisna hallar da yığışdırılaraq, konkret göstərilir ki, işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.

Bu dəyişikliyi öz sosial şəbəkə (facebook) hesabında şərh edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, əvvəlki qanunvericiliyin tələbinə əsasən, hazırlıq icraatı qısa idi. Yəni, təcrübəyə əsasən, hazırlıq iclası adətən bir və ya iki prosesə keçirilirdi:

"Hazırda isə hazırlıq icraatı genişləndirilib və hakim hazırlıq icraatını işin hallarından asılı olaraq üç, dörd, beş dəfə də təxirə sala bilər. Yəni, iş tam baxışa hazır olduğu qənaətinə gəldikdən sonra baxışa təyin ediləcək. Bu halda əsas yük hazırlıq icraatının üzərinə düşəcək - sübutlar toplanacaq, iddia tələbi konkretləşdiriləcək və sair. Bundan sonra yalnız mövcud sübutlara qiymət vermək qalacaq. Yəni, hakim hazırlıq iclasını bir neçə dəfə təxirə sala bilər, ancaq iş hazır oldusa, baxışa verildisə, qanunla 3 dəfədən artıq təxirə salına bilməz", - deyə sədr qeyd edib.

 

A- A A+