Bu gün:

Özü qədər sığortası da risklidir - Ekspert COVID-19 sığortasından danışdı

Özü qədər sığortası da risklidir

Hər keçən gün dünyada virusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Bu baxımdan infeksiyaya yoluxan şəxslərin müalicəsi də çətinləşir. Ölkəmizdə də son 1 aydır ki, virusa yoluxma rekord həddə çatıb. Xəstəxanalarda yerlər dolmaq üzrədir, müalicə almaq daha da çətinləşib. Bu çətinliklər nəzərə alınaraq əksər dünya ölkələrində koronavirusa görə sığorta paketləri təklif edilir və sağlam insanlar özlərini bu bəladan, gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan sığortalayır. Qonşu Türkiyədə də belə sığorta alətləri var. Ölkəmizdə isə bir neçə sığorta şirkəti bu cür təkliflərlə müştərilərə xidmət göstərir. Ancaq hazırda bu sahədə tələbat çox azdır.

Mubahise.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan sığorta eksperti İlkin İbrahimov deyib ki, böyük risklər sığortalanarkən sığorta haqları sığorta ödənişlərinə adekvat olaraq adətən 1, 2 və ya 3 faiz civarında olur. Azərbaycanda isə koronavirusa görə sığorta ödənişinin 10 faizi miqdarında təyin edilir: “Ölkədə bir neçə sığorta şirkəti virusla bağlı çox xırda şəkildə sığorta paketi təklif edir. Ancaq məbləğ yüksək qoyulur. Məsələn, 1000 manatlıq sığorta edirlərsə, burada 100 manat civarında pul alırlar. Bu isə 9-10 faiz edir. Bu məbləğ dünya ölkələri ilə müqayisədə daha çox riskdir. Çünki sığorta şirkətləri də öz risklərini sığortalayırlar. Avtomobil və ya digər sahələr sığortalanarkən risk dərəcəsi aşağı olduğu üçün sığorta haqqı alınanda sığorta ödənişinin 1-2 faizi civarında məbləğ təyin edilir. Bu, həmin sahələrdə riskin az olmasından irəli gəlir”.

 

Ekspert qeyd edib ki, tibbi sığorta sahəsi həmişə problemli olub və bu sahədə sığorta hadisəsinin baş verməsi tez-tez yaranır: “Digər sahələrlə bağlı sığorta agentliklərinə tibbi sığorta ilə nisbətdə az müraciət edirik. Hər dəfə müraciət edən şəxslər özəl tibb müəssisələrinə yönləndirildikcə, müəyyən civarda pul ödənişi olur. Hazırda bir neçə sığorta şirkəti bu sahəni çox yüksək sığorta haqqı qoymaqla sığortalayır. Bu, könüllü sığortalara aiddir”.

İ.İbrahimovun sözlərinə görə, istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı sığortalar da var. Ancaq bu, icbari sığortalar qrupuna aiddir: “Əmək müqaviləsində iş saatı nəzərdə tutulur. Bu müddətdə işçinin başına nə gəlirsə, işəgötürən tərəfindən sığortalanır və bədbəxt hadisə ilə bağlı kompensasiya almaq hüququna malik olur. Hazırkı dövrdə də dünyada COVID-19 riskləri ilə bağlı problem ortaya çıxır. Məsələn, Türkiyədə koronavirusla bağlı riski istehsalatda baş verən hadisəyə aid etmirlər. Eynilə bizdə də həkimlərlə bağlı bu yoxdur. İş yerində test verirlər və müxtəlif şəxslərin virusa yoluxduğu müəyyən edilir. Ancaq bunu istehsalatda baş verən hadisələrə aid etmirlər. 1 ay öncəyə qədər bununla bağlı qanun yox idi. Ancaq bu məsələ Milli Məclisdə müzakirəyə çıxarıldı və istehsalatda baş verən bədbəxt hadisələrə də aid edildi. Tibb işçiləri COVID-19-a iş zamanı yoluxurlarsa, bu, icbari tibbi sığortaya aiddir”.

Ekspert əlavə edib ki, hazırda pandemiya sürətlə yayılır və sığorta şirkətləri bu riskləri mütləq nəzərə alır. Belə olan halda isə riski sığortalamaq üçün sığorta haqqını artırırlar: “Sığorta şirkəti qazancını o zaman sığortalayır ki, biz qazancımızı çox qoyacağıq ki, digər tərəfdən də öz riskimizi sığortalamış oluruq”.

Belə qənaətə gəlinir ki, risk faktoru çox olduğu üçün sığorta şirkətləri bu sahədə maraqlı deyillər.

İ.İbrahimov bununla bağlı bir sıra təkliflər də hazırlayıb. O, dövlətin koronavirusa görə ayırdığı vəsaitlərin bir hissəsinin sığorta şirkətlərinə ayrılmasını məqsədəuyğun hesab edir.

Sığorta mütəxəssisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də bu işdə yaxından iştirak etməsinin vacibliyini vurğulayıb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müəyyən vəsait ayıra bilər ki, daha çox vətəndaş tibbi sığorta ilə təmin olunsun. Özəl sığorta şirkətlərinin də bu hissəyə aid olunması ümumi rəqabəti artıracaq. Ona görə ki, özəl sığorta şirkətlərinin illərdən bəri təcrübəsi böyükdür. Həm də rəqabət mühitinin yaradılması üçün dövlət koronavirusun müalicəsi ilə bağlı sığortanı inkişaf etdirmək üçün müəyyən məbləğdə vəsait ayırmalıdır.

Dövlət özəl sığorta şirkətləri ilə əlaqə saxlamalı və bununla bağlı müqavilə bağlanaraq sığortaya ayrılacaq məbləğin bir hissəsini dövlət ödəməli, bir hissəsini də vətəndaş öz hesabına təmin etməlidir. Kənd təsərrüfatı sahəsi ilə bağlı hazırda sığorta müəyyən edilirsə, sığorta haqqının 50 faizini dövlət ödəyir. Bunu tibb sahəsində də tətbiq etmək olar. Vətəndaşlarımız hazırda daha çox dövlət səhiyyə müəssisələrində müalicə olunur. Ancaq özəl sığorta şirkətləri də bura cəlb olunarsa, özəl tibb müəssisələri daha çox virusla mübarizəyə cəlb edilər. Çünki onlar işlərinin əksəriyyətini özəl klinikalarla qurublar”.

A- A A+