Bu gün:

“Qəzaya polis səbəb olub, amma hakim vəsatətlərimizi təmin etmir” - Video

|| Oxunma: 1635

“Qəzaya polis səbəb olub, amma hakim vəsatətlərimizi təmin etmir”

Ötən il yol qəzasında həlak olan polis əməkdaşının ölümünə görə həbs edilən Səyyad Həzrətquliyevin ailəsi məhkəmənin gedişatından və qərardan narazıdır.

Mubahise.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sürücünün qardaşı Seymur Həzrətquliyev bildirib ki, qəza 2020-ci il aprelin 9-da saat 18:20 radələrində Müşfiqabad qəsəbəsi ərazisində baş verib.

O bildirib ki, “Changan” markalı avtomobilin sürücüsü, Nərimanov rayon Mühafizə Polisinin əməkdaşı Ramin Cəfərov ikinci dərəcəli yolla hərəkətdə olarkən avtomobili dayandırmadan baş yola daxil olub və bu zaman baş yolla 65-70 km/saat sürətlə hərəkətdə olan sürücü Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük maşını ilə toqquşub:

“Ramin Cəfərovun hərəkətdə olduğu ikinci dərəcəli yolda “Yol verin” nişanı qoyulub. Qardaşım Səyyadın sürdüyü yük maşınının hərəkət etdiyi yol baş yoldur. İstintaq müəyyən edib ki, “Changan” markalı avtomobil dayanmadan “Yol verin” nişanını keçib və bu zaman “Mercedes” markalı avtomobilin sürücüsünün, yəni qardaşımın hərəkəti üçün təhlükə yaranıb. Həmin andan toqquşma yerinə kimi “Changan” markalı avtomobil 35-40 km/saat sürətlə 38,7 metr məsafə qət edib. Ekspert “Changan” markalı avtomobilin tam göründüyü andan toqquşma yerinə kimi qət etdiyi məsafənin vaxtını 4 saniyə göstərib.”.

Seymur Həzrətquliyev iddia edib ki, polis əməkdaşı Ramin Cəfərov maşını sürücülük vəsiqəsi olmadan idarə edib: “Qəza nəticəsində “Changan” markalı avtomobilin sürücüsü Ramin Cəfərov vəfat edib. O, avtomobili sürücülük vəsiqəsi, etibarnamə və sahiblik hüququ olmadan idarə edib. Yük maşınının baş yolda getməsinə baxmayaraq yol verməli olduğu halda, 20-25 metr qalmış Səyyadın qarşısına çıxıb. Ramin Cəfərov hadisə günü növbədə olmasına baxmayaraq Qaradağ rayonuna tələsik gəlib qaynına yemək gətirib və tələsdiyi üçün qəzaya düşüb”.

İş üzrə verilən ekspert rəyində qeyd edilib ki, Səyyad Həzrətquliyevin hadisənin qarşısını almağa texniki imkanı olub. Bu rəy əsasında da o, hadisənin törədilməsində təqsirli bilinib. Qaradağ rayon məhkəməsinin hökmü ilə Səyyad Həzrətquliyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 5 il 1 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbsə olunub.

Seymur Həzrətquliyev bildirir ki, dövlət ittihamçısı və məhkəmə bu işdə qəzaya düşən Səyyad Həzrətquliyevə xüsusi təhlükəli residivist kimi yanaşıb: “Biz hesab edirik ki, Səyyadın bu qəzada günahı yoxdur və ona bəraət verilməlidir. Əvvəla qeyd edək ki, ekspertizalar sürücünün iştirakı olmadan müstəntiqin tərtib etdiyi sxem, verdiyi məlumatlar və ilkin izahat əsasında aparılıb. İstintaq zamanı təkrar ekspertiza keçirilməsi üçün verdiyimiz vəsatətlərin heç biri təmin edilməyib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə baxılır.

Qəza ilə bağlı ekspert rəyi verən Elşən Həsənov məhkəmədə dedi ki, rəy tərtib edərkən hadisə yerində olmayıb, videogörüntüyə baxış keçirməyib. 

“Changan” markalı avtomobilin yolun hərəkət hissəsinə daxil olması anını təhlükə anı kimi nəzərə almayıb, hadisə vaxtı “Mersedes” markalı avtomobilin əyləcdən hansı dərəcədə istifadə etməsini, hadisə yerində əyləcin izlərinin olmasını müəyyənləşdirməyib. Yolun yük avtomobilinin gəldiyi istiqamətdə eniş olmasını nəzərə almayıb, yük avtomobillərinin qeyd edilən sürətdə tormozlama nəticələrini hesablamayıb, belə tormozlama aparıldığı halda hadisənin qarşısının alınmasının mümkünlüyünü araşdırmayıb.  Yük avtomobilinin içərsində oturarkən onun qarşıda ən yaxın görmə məsafəsini müəyyən etməyib, avtomobilin yüklü və ya boş olmasını və ona uyğun texniki göstəricilərini, “Changan” markalı avtomobilin sürətinin təxminən 50-60 km saat olmasını nəzərə almayıb”.

S.Həzrətquliyevin sözlərinə görə, məhkəmə iclasında Səyyadın yol qəzasının qarşısını almağa texniki imkanı olmadığı tam sübuta yetirilib: “Lakin bu günə kimi maddi imkanımızın olmamasına görə qardaşımın günahsızlığını sübut edə bilmirik.

Belə ki, ilk olaraq istintaq zamanı müstəntiqi bizə dedi ki, “zərərçəkmişlə barışıq əldə etsəniz, ekspert rəyi sizin xeyrinizə olar”. Birinci dəfə yasa gedəndə zərərçəkmiş tərəf bildirdi ki, mərhum Raminin evi ipotekadadı, onu ödəmək lazım olduğunu dedilər. Bu məbləği ödəyə bilmədik, çünki ucqar Muçu kəndində olan adamın belə imkanı olması mümkün deyil. Hadisədən 33 gün sonra isə anam rəhmətə getdi, zərərçəkmişlə barışıq əldə edə bilmədik”.

Seymur Həzrətquliyev Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edərək hakim Həsən Əhmədovun icraatında olan işin xüsusi nəzarətə götürülməsini xahiş edib: “Məhkəməyə dəfələrlə vəsatət verərək cinayət işi üzrə əlavə yol-nəqliyyat və trasoloji eksapertizası, audio və video yazılışların kriminalistik ekspertizası, ekspertlərin iştirakı ilə kompleks ekspertiza keçirilməsini xahiş etmişik. Hakim Həsən Əhmədov vəsatətlərimizin heç birini birmənalı olaraq təmin etməyib. Hətta öz təşəbbüsümüz və öz hesabımıza alternativ ekspertiza aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək üçün vaxt verilməsini istəmişik, lakin bu vəsatətimiz də rədd edilib.

İş üzrə ittiham məhz ekspert rəyinə əsaslanaraq verilib. Biz həmin rəyin düzgün olmadığını əsaslandırmışıq. Vəsatətimizdə konkret hesablamalarla Səyyadın hadisənin qarşısının almağa texniki imkanının olmaması tam sübut olunub.

Buna görə də iş üzrə əlavə ekspertizanın təyin edilməsi mütləqdir, lakin hakim müdafiə hüququnu kobud surətdə pozur. Məhkəmə vəsatətləri təmin etməməklə cinayət işinin ədalətli həllini şübhə altına qoyur.

Səyyad məhz üstünlük təşkil edən baş yolla hərəkət edib, sürət həddini aşmayıb, digər sürücü isə vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi maşınla “Yol ver” nişanının tələbini pozub. Məhz onun qanunu pozan əməlləri nəticəsində qəza baş verib, Səyyadın və özünün bu bəlaya düşməsinə səbəb olub. Buna görə də işin xüsusi nəzarətə götürülməklə araşdırılmasını xahiş edirik”.

A- A A+