Bu gün:

Vəkil, müştəri və mediator - Bir mediatoru uğurlu edən nədir?

Vəkil, müştəri və mediator

Bir mediatoru uğurlu edən nədir?

Mubahise.az xəbər verir ki, bu suala cavab tapmaq üçün  vəkil,  müştəri və mediator arasındakı əlaqəni müəyyənləşdirməliyik.

Mediator mürəkkəb danışıqların  və mübahisələrin həlli prosesində mühüm rolu olan bir şəxsdir.  O, tərəflərin əsas ehtiyaclarını ön plana çıxarır və qənaətbəxş bir razılığa gəlmək üçün ortaq zəmini axtarır, təşviq edir. Uğurlu bir mediator tərəfsiz mövqe sərgiləyərək yaranmış mübahisəni dayandırmağa qadirdir.

Vəkillər  mediasiyanın faydalarını müştərilərinə çatdırır və mediatorun  təklif etdiyi imkanlardan tam istifadə etməyə hazırlayır . Bu baxımdan vəkillər müştərilərini mediatora yönləndirməli  və bu prosesi  izah etməlidir. Vəkil müştəriyə işlə əlaqəli  hüquqi məsləhət verir və mümkün olan qədər qarşı tərəfin mediasiya sessiyasında irəli sürəcəyi arqumentləri müəyyənləşdirir. Əgər müştəri yaranacaq risklərlə ilk dəfə mediasiya prosesi zamanı üzləşərsə, vəkilinə olan güvəni ciddi şəkildə pozula bilər. Mediatoru işin bütün vacib tərəflərinin göz önündə olmasına inandıra bilən vəkil və yaxşı hazırlanmış müştəri, öz mövqələrinin daha məntiqli və əsaslı olduğuna inandırmağa qadirdirlər.

Müştəri mediasiyaya başlamazdan əvvəl məhkəmə prosesində və ya işin qiymətləndirilməsində ehtimal olunan nəticələr haqqında vəkilinin rəyini istəyə bilər. Müştərilərin mediasiya prosesinin gizliliyini anlaması da vacibdir. Müştəriyə bu gizliliyin həm ilkin birgə iclasa, həm də ən əsası mediator  ilə şəxsi müzakirələrinə aid olması məlum olmalıdır. Gizlilik mediasiya prosesinin “qəlb”idir və tərəflərə proses boyu öz mövqeləri və maraqlarını  sərbəst bildirmək fürsəti qazandırır. Mediator tərəflərin mövqeyi barədə nə qədər çox şey öyrənə bilsə, hər kəsin marağına cavab verən razılaşma əldə etmək şansı bir o qədər  yüksək olar.

Mediasiya mübahisəli tərəflər üçün olan bir prosesdir. Müştəri mediatorun məsləhətlərini eşidərək  razılaşmanı qəbul edib-etməyəcəyinə qərar verir. Ümumiyyətlə, mediasiyaya gedən tərəflər davam edən narahatlıqdan  çox, məhkəmə çəkişməsinin vaxtından və xərcindən qaçmaq üçün demək olar ki, hər zaman öz işlərini həmin iclasda həll etməyə çalışırlar. Bir çox tərəflər üçün mediasiya məhkəmədə keçirdikləri günə bərabərdir. Nəticədə həm rəqibinə, həm də həllini dinləməyə və kömək etməyə hazır olan bir mütəxəssisə, qərəzsiz bir mediatora öz arqumentlərini, perspektivlərini və hisslərini ifadə etmək üçün bir fürsətdir.

Bəzi tərəflər mediasiyaya şiddətli duyğularla, iddiaya səbəb olan əsas hadisəyə aid qəzəblə və ya iddiadan və məhkəmə prosesindən yaranan məyusluqla gəlirlər. Zərər çəkmiş tərəfin çıxış yolunu düşünməzdən əvvəl bu duyğularının aşkarlanması və mediator tərəfindən dinlənilməsi lazımdır. Bəzi vəkillər taktiki səbəblərə görə mediasiya sessiyası zamanı müştərilərinin fəal iştirakını məhdudlaşdırmağa meyillidirlər. Bəzi hallarda müştərinin iştirakını məhdudlaşdırmaq bəlkə də ən azından hər iki tərəfin iştirak etdiyi birgə iclasda məsləhət görülə bilər, yəni müştərinin öz işini onlara zərər verən bir şəkildə danışmaq istəyi, həddən artıq qəzəbi və digər səbəblər onun əleyhinə çevrilə bilər. Bu halda  mediator müştəriləri öz fikirlərini, duyğularını, ehtiyaclarını və öncəliklərini  qiymətləndirmək üçün ən azı şəxsi  qruplarda müzakirə aparmağa çalışmalıdır. Tərəflərlə birbaşa etibar, açıqlıq və qərəzsizlik münasibətləri qurmaq üçün mediatora bu imkanı vermək vacibdir. Bir vəkil müştərinin sıx duyğuları, qeyri-real gözləntiləri və digər hər hansı problemiylə bağlı mediasiya prosesindən əvvəl mediatorla məsləhətləşməyi düşünməlidir. Əksəriyyət mediatorlar prosesdən əvvəl onun uğurlu ola bilməsi üçün vəkillə məsləhətləşməyə üstünlük verir.

 Nəticə olaraq, uğurlu bir mediasiya prosesinin arxasında qarşılıqlı əməkdaşlıq dayanır.

 

A- A A+